Talışcanı öyrənən, ayranı sevməyən amerikalının – Azərbaycan xatirələri

markBruklində məşhur kafelərin birində iki azərbaycanlı söhbət edir. Elə bu vaxt yanlarında oturmuş, notbukunda işləyən, amerikalı görünüşlü bir gənc onlardan azərbaycalı olub-olmadıqlarını soruşur. İki dost bir müddət təəccübdən donub qalırlar. Bunun səbəbi isə amerikalı gəncin həmin sualı səlis Azərbaycan dilində verməsi olur…

Sözügedən gənclə biz də bu yaxınlarda sosial şəbəkə vasitəsilə tanış olduq. Adı Matt olsa da, özünə Məzahir ləqəbini seçib. Səbəbini soruşanda isə müəlliminin ona Azərbaycan dilində bir ad seçmək təklifini etdiyini, ona isə məhz bu adın maraqlı gəldiyini deyir.

Qərara gəldik ki, biz də yazının gedişatında ondan dilimizə daha doğma olan Məzahir kimi bəhs edək.

“Qafqazinfo” ən sevdiyi musiqi növü muğam olan, talış dilini öyrənən, isti təndir çörəyinin həvəskarı Amerika vətəndaşı Matt Zaslansky və ya Məzahirin Azərbaycan səfərindən təəssüratlarını təqdim edir:

Məzahir dilçidir və 4 ildən çoxdur ki, Azərbaycan dilini tədqiq edir. İlk baxışdan Amerika vətəndaşının Azərbaycan dilini tədqiq etməsi qəribə görünsə də, həmsöhbətimiz Qafqazın dilçilər üçün çox maraqlı bir yer olduğunu, buradakı dil müxtəlifliyinin öyrənilməsinin dilçilərin inkişafı üçün vacib olduğunu vurğuladı. Bizimlə danışanda dilimizi elə də yaxşı bilmədiyini deyən dilçimiz, hər hansı bir səhv söz və ya ifadə işlədərsə, qabaqcadan üzr istədi. Ancaq cümlələrdə nöqtə-vergülündən tutmuş mübtəda-xəbərinə kimi doğru işlədən Məzahirlə danışığımızda çox zaman rus sözləri, yanlış kəlmələr işlətdiyimiz üçün biz üzr istəsək, vallah yerinə düşərdi. “Ruski yazıçnı” leksikonumuz demişkən bu, Məzahirin də gözündən yayınmayıb. Belə ki, Məzahir 2012-ci ildə ölkəmizdə səfərdə olan zaman çox rayonlarımızı gəzib. Bu haqda bir az sonra yazacağıq. Amma olduğu yerlərdə rus dilindən geniş istifadə olunması ona da qəribə gəlib:

“Əvvəllər fikirləşirdim ki, Azərbaycanda rus dili yalnız keçmişdə istifadə olunub. Amma şahidi oldum ki, ölkənin paytaxtı Bakıda və rayonlarında rus dili hələ yaşayır. Bu cəhətdən doğma yurdum Nyu-Yorkla Azərbaycan bir-birinə bənzəyir. Rus dilli vətəndaşlar Sovet İttifaqı dağılarkən köçüb buraya gəlib. Hətta bəzi məktəbdə hələ də rus dili tədris olunur. Həqiqətən də məsafələrdən və ölkələrdən asılı olmayaraq hər zaman oxşarlıqlar var”.

Qonaqpərvərliyimizdən ağız dolusu danışan Məzahir söhbətimiz boyu hər vəcdə insanlarımızın mehribanlığından, səmimiyyətindən söz açırdı. Elə bu səbəbdən də Azərbaycan mədəniyyətini sevməyə başlayıb:

“İmkanım olduqca, rayonlara gedirdim. Düzü, elə bilirdilər, mən almanam, ancaq yenə də mənə maraqla və xüsusi diqqətlə yanaşırdılar. Qaxda, Qubada, Şəkidə, Lahıcda, Lənkəranda və adını xatırlamadığım bir neçə bölgələrdə oldum. Təbiəti sadəcə olaraq əsrarəngizdir. Qaxdan fotoları sosial şəbəkədə paylaşmışam, dostlarıma da çox maraqlı gəlib. Lənkərana gedəndə qatarda bir iranlı ilə eyni otaqdaydıq. Ünsiyyət qurmaq istəyirdik, ancaq ingiliscəsi pis idi, azərbaycanca da bilmədi. Bildiyimiz qədərilə fars dilində bir az danışdıq. Amerikalıların çoxu düşünür ki, İranda hamı onlara nifrət edir, birlikdə getdiyimiz şəxs dedi ki, Amerikanı sevir. Azərbaycan bu cəhətdən də maraqlıdır, fərqli ölkələrdən, dinlərdən xeyli sayda insan tanımaq olur”.

Məzahirin Qaxdan çəkdiyi foto:

Məzahir Lerikə səfərində hətta talış dilini belə bir qədər öyrənə bilib. Muğam isə hazırda həmsöhbətimizin dinlədiyi ən sevimli musiqi janrlarından biridir:

“Muğamın güclü vokalını sevirəm. Çox spesifik və maraqlı musiqi növüdür. Bir şey də deyim ki, mədəniyyəti çox güclü olan, qonaqpərvər xalqınız nəsə küçədə, fotolarda nadir hallarda gülümsəyir. Xüsusilə də yaşlılar. Bu hal hələ də mənim üçün maraqlı qalıb”.

Bir də dilimizə xarici dilçinin gözü ilə baxaq. Azərbaycan dili nə dərəcədə çətindir?

“Diliniz çətindir, çünki türk dillərinin sintaksisi ilə ingilis dilinin sintaksisi tamamilə fərqlidir və bu dili öyrənən şəxs əvvəlcə sözlərin köklərini öyrənməlidir. Məsələn, ispanca və ya almanca öyrənəndə bəzi kökü anlaya bilirəm, çünki ana dilimə oxşayır. Azərbaycan dili ilə ingilis dili arasında isə elə bir əlaqə yoxdur. Ona görə çətindir. Amma hər gün azərbaycanlı dostlarımla danışıram və dilinizdə kitablar oxuyurum. Bu yolla da dilimi təkmilləşdirməyə çalışıram”.

Məzahir yeməklərimizi bəyənsə də, ayranı heç sevmədiyini deyir. Burada yaşadığı müddətdə bir qoca qadının yanında qaldığı üçün müxtəlif yeməklərimizdən dada bilib. Ən sevdiyi də ağbirçəyin ona bişirdiyi isti təndir çörəyi olub. Hətta dostları ilə plov bişirməyi də öyrənib. Qiymətlər də qonağımıza normal gəlib. Dediyinə görə, bir Nyu-Yorkluya öz şəhərindən başqa hər yer ucuz gəlir.

Məzahir Azərbaycana yenə gəlmək istəsə də, vizayla bağlı bəzi problemlərlə qarşılaşıb. Hazırda San-Dieqoda aspirantura təhsilinə başlayır və 2017-ci ildə ölkəmizə aspirant kimi gəlməyin asan olacağına ümid edir.

Talışcanı öyrənən, ayranı sevməyən amerikalının  -  Azərbaycan xatirələri

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma