1990-cı il 20 yanvar faciəsinin Lənkəran (Lankon) davamı – SSRİ qoşunlarına qarşı mübarizə

lenkeran20 yanvar faciəsinin 21-ci ildönmü gəlir. Bu faciə haqqında çox deyilib, çox yazılıb, amma nədənsə 20 yanvar ərəfəsində bölgələrdə yaşanan hadisələr barədə ya heç danışılmır, ya da ötəri məlumat verilir. Amma tarixi hadisələri tam işiqlandırmayanda tarix yarımçıq görsənir. Bunu nəzərə alıb 20 yanvardan əvvəl və sonra Lənkəranda baş verən hadisələr barədə yazmaq, həmən hadisələri işiqlandırmaq istədik və bloqçu Pərviz Əzimovun bloqunda çox maraqlı bir müsahibəyə rast gəldik. Həmən müsahibə LXC-nin o vaxtkı liderlərindən biri, 1992-1993-cü illərdəLənkəran icra hakimiyyətinə başçılıq etmiş, kimya elmləri namizədi Hüseynqulu Həmmədovdan götürüllüb. Mövzunun aktuallığını nəzərə alaraq müsahibəni nəzərinizə çatdırırıq.

– 1989-cu ilin dekabr ayında Ermənistan SSR Ali Soveti Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul etmişdi. Bu qərar Azərbaycan xalqı, o cümlədən, Lənkəranlılar tərəfindən etirazla qarşılandı. ancaq Vəzirov hakimiyyəti vəziyyətdən çıxış yolunu Dağlıq Qarabağa iqtisadi yardımlar göstərməkdə görürdü. Buna mane olmaq üçün etiraz aksiyaları keçirtməyi qərara aldıq. Sübut etmək istəyirdik ki, həqiqətən Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycanın tərkib hissəsidir. Beləliklə, biz lənkəranlılar etiraz əlaməti olaraq 1990-cı ilin yanvar ayının 11-dən etibarən bir sıra tələblər irəli sürməklə Lənkəranda siyasi hakimiyyətin fəaliyyətini dondurduq. Rayondakı aparıcı hökumət idarələrinin fəaliyyət göstərməsinə imkan vermədik. Bu məqsədlə Lənkəran rayon rəhbərliyi ilə görüşdük və onlar da bizə dəstək verdilər. Bizim tələblər əsasən iş yerlərində, fabriklərdə, zavodlarda tətillər həyata keçirməklə irəli sürülürdü. Yəni zavod və fabriklərin işçiləri etiraz əlaməti olaraq tətilə çıxırdılar, işə getmirdilər. Bu da o zaman üçün çox ciddi bir iş idi. Ən əsası ondan ibarət idi ki, bu işdə rayon partiya komitəsi, təhlükəsizlik orqanları da xalqa dəstək olurdu və beləliklə Lənkəranda rəsmi hökumət strukturları rəsmi olaraq öz fəaliyyətlərini dondurmağa məcbur oldular.

Yanvarın 11-də başlayan aksiyalar yanvarın 25-nə qədər davam etdi. Bu müddət ərzində ölkəmizdə böyük bir faciə yaşandı. Bildiyiniz kimi yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda kütləvi qırğın törətdilər. Bu hadisələr zamanı 131 nəfər dünyasını dəyişdi, 250 nəfərə yaxın insan yaralandı.

“Sovet qoşunları 20 yanvar hadisəsindən sonra ölkənin bir sıra rayonlarında da qırğınlar həyata keçirtdilər. Ancaq bu hadisələr Lənkəranda baş vermədi. Bunun qarşısını necə ala bildiniz?” sualımızı Hüseynqulu bəy belə cavablandırdı:

– Bir sıra rayonlarda rus qoşunları qırğınlar törətdi. Xüsusilə Neftçalada faciəli hadisələr baş verdi. Bizim də belə bir qorxumuz var idi, çünki, Lənkəran yeganə rayon idi ki, bu siyasi hakimiyyətə rəsmən etiraz etmişdi. Bu səbəbdən biz çıxış yolu tapmalı idik və belə qərara gəldik ki, həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi ilə görüş keçirək. Lənkəran tərəfdən görüşdə rayon xalq cəbhəsinin idarə heyətinin üzvləri, mən Hüseynqulu Məmmədov, Arif İsmayılov və Lənkəran şəhər XDS İK sədri və onun müavini, SSRİ tərəfindən isə DTK-nın nümayəndələri və Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik Totski iştirak edirdi. Bu görüşdə məqsəd bundan ibarət idi ki, qarşılıqlı bir protokol imzalayaq. Bu protokolun əsas şərti bu idi ki, LXC-nin nümayəndələri onlarda olan silahları təhvil verir və bunun qarşılığında sovet ordusu şəhərə daxil olmur.

Bu görüş 1990-cı ilin yanvar ayının 25-də, gecə saat 12 radələrində başladı və gecə saat 3-ə qədər davam etdi. Nəhayət, razılaşma protokolu imzalandı. Səhəri gün, yanvarın 26-da günorta saat 3-ə qədər bütün silahlar toplandı. Amma….

Təəssüf ki, ayın 26-sı LXC-nin üzvlərindən olan Əlikram Hümbətov razılaşmanı pozaraq silahlı dəstə ilə Haftoni meşəsinə çəkildi. Biz saat 2-yə qədər onunla danışıqlar apardıq ki, silahları təhvil versin, ancaq bu danışıqlar heç bir nəticə vermədi. Beləliklə, yanvar ayının 26-sı gündüz saat 2-də Haftoni meşəsində SSRİ qoşunu ilə Əlikram Hümbətovun dəstəsi arasında silahlı toqquşma başladı və atışma nəticəsində LXC-nin üç üzvü həlak oldu, daha iki nəfər isə sürdükləri motisikletdə alovlu silahlar vasitəsi ilə öldürüldü. Əks tərəfdən isə 1 nəfər komandır həlak oldu.

Bu olayda əslində günahkarın kimliyini demək tam düzgün deyil. Əlikram Hümbətov ona görə meşəyə çəkilmişdi ki, o, Moskvanın verdiyi sözü tutacağına inanmırdı. Meşəyə də ona görə üz tutmuşdu ki, əgər hücum olarsa, döyüş şəhərin daxilində olmasın. Yəni o, şəhərə olacaq hücumun istiqamətini dəyişmək istəyirdi.

Təəssüf ki, xoşagəlməz hadisələr bununla bitmədi. Əslində isə biz hər şeyin bitdiyini zənn etmişdik. Ancaq, aksiyalardan sonra LXC-nin 37 üzvü həbs olunaraq helikopter vasitəsi ilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparıldı. Həmin 37 nəfərə ağır işgəncələr verilib. Qolları arxadan bağlanaraq ipin bir ucu boğazlarına keçirilərək adi yük kimi həmin helikopterə yükləyiblər. Onlardan Tariyel adlı cəbhəçi helikopterdə boğularaq öldü, digər 36 nəfər isə təqribən bir aydan sonra Lənkərana qaytarıldı.

90-cı ilin yanvar hadisələri mənim fikrimcə Lənkəranın qızıl səhifələridir. Bunun da iki əsas səbəbi var: əvvəla ona görə ki, Lənkəran demək olar böyük bir qırğından xilas oldu. İkincisi isə, Lənkəran camaatı böyük birlik, əzm nümayiş etdirdi. Əslində keçən 20 il zaman baxımından elə də böyük məsafə deyil. Ancaq bu zaman kəsiyində insanların hadisələrə baxışı tamam fərqli bir forma alıb. Sanki insanların vətənpərvərlik ruhu ölüb. Bunun da əsas səbəbkarı bugünkü siyasi, monopolist və korrupsiyaya uğramış hakimiyyətdir. Məsələn, neçə illərdir ki, ölkədəki seçkilər saxtalaşdırılır, insanların hüquqları bir çox sahələrdə olduqca kobud şəkildə pozulur. Bu səbəbdən əhali çox məsələdə daha çox seyrçi mövqeyində qalmağı üstün tutur

Redaksiyadan: Bu müsahibəni həmən ərəfədə lxc-nin liderlərindən olan Əli Nasirlə müzakirə etdik. O, sadalanan bütün faktları təsdiqləməklə yanaşı aşağıdakıları bildirdi: 26 yanvarda, günorta radələrində mən və agsaqqal Hüseynqulu müəllim sərhəd qoşunlarının qərargahında Moskvadan gələn generalla görüşdük və mən ondan Hafthoni meşəsindəki LXC silahlıları ilə danışıq aparmağa vaxt istədim. O, nəinki bizə vaxt vermədi, hətta məni və Əlimuxtarı (Əlimuxtar LXC-nin İH-nin üzvü idi və əhalidən silahların yığılıb dövlət orqanlarına təhvil verilməsini təşkil edirdi) həbs etdirib, helikopterlə Bakıya, DTK-nın təcridxanasına göndərdi. Çox güman ki, DTK yetkililərinin danışıq aparmaq fikirləri yox idi və onlar Lənkəranda qırğın törətmək niyyətində idilər. Hüseynqulu müəllimin o fikri ilə tam razıyam ki, Hümmətovun silahlıları Hafthoni meşəsinə aparması Lənkəranı böyük qırğından qurtardı.

Tolışi Sədo qəzeti, №1, 2011-ci il

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma