“Qarbaçov əmr vemişdi ki, Lənkəranı yer üzündən silin”

Mübarizənin qansız-qadasız keçməsi ilə beynəlxaq hörmətin qorunması istiqamətində uduzmamız artıq bizə bəlli olduğundan 16 yanvar tarixində İdarə Heyyəti tam tərkibdə toplaşaraq Bakıda və digər bölgələrdə baş verənlərin hərtərəfli təhlilinə cəhd etdik.

 

(Əvvəlin buradan oxu: Əlikram Hümmətov: AXC-nin konfransında nədənsə Lənkəran Xalq Cəbhəsindən İdarə Heyyətinə heç kəs “seçilmədi”)

Belə hesab etdik ki, sərhədlərin, məxsusən Cəlilabadda dağıdılması müstəqillik uğrunda mübarizəmizi çox ciddi təhdidlə üz-üzə qoyur, gələcək barədə dəqiq təsəvvürün olmaması, şöhrətpərəstlik ambisiyalarından yaranan “biz də varıq və mübarizə aparırıq” görüntüsü yaratmağa cəhd kimi qiymətləndirilməklə, Moskvaya güc tətbiq etməsinə şərait yaradılmasına xidmətdir. İdarə Heyyəti qərara aldı ki, hakimiyyət protokol tərtib edilməklə yeniden Sovetlərə qaytarılsın… 17 yanvar tarixində, o vaxt dərc edilən “Elin Səsi” qəzetinin redaktoru Əli Nasir mətbəədən mənə zəng vuraraq bildirdi ki, Cəlilabaddan bir “Paz” markalı avtobus dolu cəbhəçi, əllərində məftil kəsici kəlbətinlə gəlib bildirirlər ki, onları Miralim Bayramov bilavasitə Əbülfəz Əliyevin göstərişi ilə göndərib və tələb edirlər ki, biz də onlara qoşulmaqla, gedib Astarada sərhədləri dağıtmalıyıq. İlk sualim bu oldu ki, niyə LXC-nin qərargahına gəlməyiblər? Bildirdi ki, onlara ancaq Əli Nasirlə görüşməyi məsləhət biliblər və o, bilmir onlara nə cavab versin. İdarə Heyyətinin sərhəd barədə qərarını Əli Nasirə xatırladaraq bildirdim ki, müstəqil Azərbaycana da sərhədlər lazım olacaq, onu dagıtmaq sadəcə korafəhmlikdir (kor-koranə, düşünülmədən görülmüş iş. red.) və bizim hamılıqla qəbul etdiyimiz qərarı onlara bildir və yola sal. Əli də İdarə Heyyətinin qərarını əsas gətirərək onları yola salmışdı, amma Astaradan edilən zəngdən sonra anladım ki, onlar geri qayıtmayıb, Astaraya getmişlər və Astara cəbhəçilərini sərhədləri sökməyə təhrik etməyə cəhd edirlər. Astara cəbhəçilərinin lideri Vaqif Məmmədov (səhv etmirəmsə) mənim izahımı anlaqla qarşıladı və onlara qəti etirazını bildirdi. Ən qəribəsi o oldu ki, 18 yanvarda axşam mərkəzi İttifaq televiziyası ilə canlı çıxış edən M.Qorbaçov (Sov.İKP-nın baş katibi. red.) bildirdi ki, hansısa Əlikram Hümmətovun başçılığı ilə, qadın və uşaqları önə verməklə Lənkəranda (?) bütün sərhəd məftillərini kəsərək, sərhəd dirəklərini dağıdıblar… İndiyə qədər bu sual məni düşündürür: Cəlilabad cəbhəçilərinin Lənkəran və Astaraya gəlişi ilə M.Qorbaçovun çıxışı arasında əlaqə vardımı?… 19 yanvarda protokol əsasında hakimiyyətin təhvil verilməsi üçün şəhər və rayon Sovetləri İcraiyyə Komitələrinin sədrlərinin İdarə Heyyəti ilə birgə iclası nəzərdə tutulmuşdu və protokol layihəsinin hazırlığı ilə məşğul idik. Əvvəl Lənkəran Sərhəd dəstəsindən, bir neçə dəqiqə sonra Astaradan Vaqif bəy zəng vurdu, bildirdi ki, Astara kömrük keçidində əhali mitinqə toplaşıb, mitinqi bilavasitə dindarlar idarə edir və mitinq iştirakçılarının demək olar ki, hamısına məftil kəsən kəlbətinlər paylanılıb, sərhədi dağıtmaq istəyirlər. Mən Vaqif bəydən xahiş etdim ki, təcili çıxırıq, biz gələnə qədər cəhd etsin ki, sərhədlər dağıdılmasın. Mən və İdarə Heyyətinin bir neçə üzvü Astaraya yola düşdük, yol boyu 18 yanvarda M.Qorbaçovun çıxışını və hazırda baş verənləri özümüz üçün aydınlaşdırmağa cəhd etdik. Astara kömrük keçidinə çatanda böyük bir mitinqin keçirildiyini, tirbunanı əvəz edən yük maşınının üstündə çıxış edən mollaları görüb, lap təəccübləndik, çunki onları qabaqkı tədbirlərdə heç vaxt görməmişdik. Vaqif bəy bizi bir kənarda, əlində kəlbətin gözləyirdi. Bir təhər izdihamı yararaq, sərhəd-keçid məntəqəsinə daxil olduq, içəridən sərhəd girişini möhkəmləndirmək təsəvvürü yaradan ağır texnika düzülmüşdü, sıravi sərhədçi naryadı gözə dəymirdi, amma… yüksək rütbəli zabitlər, ən əsası sonralar Azərbaycan Respublikasının sərhəd xidmətinə rəhbərlik edəcək zabitlər bir tərəfdə yığılıb, sakit formada baş verəcək hadisələri soyuqqanlıqla gözləyirdilər. Onlara yaxınlaşdım və təəccüblə nə baş verdiyini öyrənməyə çalışdım, qeyri-müəyyən cavablarından sonra, tələb etdim ki, sərhəd qapısının qıfılını açsınlar və toplaşan insanları İrana buraxsınlar ki, sərhədin dağıdılmasına da ehtiyac qalmasın. Toplaşan zabitlərin, əsasən də azərbaycanlı zabitlərin heç bir fikir söyləyə bilmədiklərini görub, yerdə gözümə dəyən armatur qırığını götürüb, darvazaya yaxınlaşıb, adi, zəif qıfılın arasına armaturu salıb, cüzi güc vurmaqla qıfılı sındırıb, darvazanı açdım, İran İslam Respublikasının nümayəndəsi ilə danışıqlara başladım, amma arxadan sel kimi gələn insanlar bizim az qala üstümüzdən keçərək, İran tərəfdəki meydana toplaşdılar, üzlərində böyük sevinc vardı, qarşılarında İran tərəfin nümayəndələri çıxış etdilər və öz tərəflərinin darvazalarını da açdılar və hər iki tərəfdən sərbəst gediş-gəliş təmin edildi. Mən də İran Astarasının görməli yerlərini gəzərək, təcili Lənkərana qayıtdım və axşam iclasına hazırlığı davam etdirdik. Axşam iclas baş tutdu, protokol əsasında hakimiyyəti təhvil verdik…

 

(Buna da bax: Babəkin Talış olduğu sübut olundu – Tarixi Faktlar)

 

Hakimiyyəti təhvil verdik, uğurlarımız və buraxdığımız sehvlərin, ölkə miqyasında baş verənlərin və digər məsələlərin müzakirəsi ərəfəsində bizə xəbər çatdı ki, Bakıda Televiziya və Radio verlişləri komitəsində enerji blokunun partladılması səbəbindən radio və televiziya verlişləri dayandırılmış, ölkə informasiya blokadasına alınmışdır. İnformasiya blokadasının yarılması məqsədi ilə Lənkəran rabitə qovşağında və tele-ötürücü stansiyasında imkanların öyrənilməsinə qərar verildi, bu iş bilavasitə İdarə Heyyətinin üzvləri Arif İsmayılova və Rahim Nuriyevə həvalə edildi, indi fəxrlə demək olar ki, onlar öhdələrinə düşən vəzifələri yaratdıqları komanda ilə birgə böyük uğurla həyata keçirə bildilər… 20 yanvara keçən gecə daha həyacanlı xəbərlər almağa başladıq. Bakıda silahsız insanların Sovet Ordu hissəəri tərəfindən qətliamı barədə dəhşətli xəbərləri alır, hiddətlə nə edə biləcəyimizi düşünürdük. Qısa zamanda Lənkərandan “Araz” radio kanalı tezliyində verilişləri ardıcıl qaydaya salmaqla bir çox dillərdə aldığımız məlumatları Arif İsmayılovun qəlbləri sirkələyən, həyacanlı, insanın qeyrət hisslərini oyadan səsi ilə yaymağa, Rahim Nuriyevin yüksək təhlil qabiliyyəti ilə televiziya verlişlərinin bərpasına nail olduq. Bütün xəbərləri radio ve televiziya vasitəsi ilə dünyanın çox yerlərinə çatdırdığımızdan, bu işin ardıcıl, imkan olana qədər yayılmasına qərar verildi. Bir çox xəbərlər, o cümlədən o vaxt Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Elmira xanım Qafarovanın məhşur cəsarətli bəyanatı da müxtəlif dillərə tərcümə olunmaqla Lənkəran radiosu ilə yayıldı. Radiomuza edilən zənglərə görə deyə bilərik ki, radiomuzu hər yerdə, o cümlədən Avropada da dinləyirdilər. Bakıdan və digər bölgələrdən alınan məlumatlar insanları, əsasən də o vaxtkı gəncliyi xeyli hiddətləndirmişdi, edilən təcavuzə adekvat müqavimət göstərmək istəyi özünü çox qabarıq göstərməkdə idi. 21 yanvar tarixində, İdarə Heyyətinin bəzi üzvlərinin etirazına baxmayaraq, qərara alındı ki, imkanlar daxilində silahlı müqavimət dəstələri yaradılsın və hərbi qaydalara uyğun təşkilatlandırılsın. Könüllülərdən ibarət həmin dəstələrin ilk hərbi nümayişi 22 yanvarda, Bakıda şəhidlərin dəfn mərasimi kecirilən ərəfədə keçirildi, tam kazarma şəraitində onların yaşayışına qərar verildi. Könüllülərin silahlandırılması əsasən o vaxtın milis idarəsinin əhali və təşkilatlardan topladığı silahlar, əsasən TOZ-8, TOZ-12 markalı kiçik kalibirli və ov tüfənglərindən ibarət idi. Lənkəranın mərkəzi bankında və əmanət bankında olan 1 Kalaşnikov avtomatı, bir neçə TT və NAQAN tipli silahlar da akt əsasında müsadirə edilərək, götürüldü… 25 yanvar tarixində artıq Neftçaladan və Cəlilabaddan həyacanlı xəbərlər daxil olmağa başladı. Məlumat aldıq ki, SSRİ-nin müdafiə naziri Yazov artıq Ləkərandadır və şəhərdə daha ağır nəticəli qırğınlar planlaşdırılır, M.Qorbaçov Lənkəranın xəritədən silinməsi anlamı verən xaç işarəsi çəkərək ciddi tapşırıqlar vermişdir. Sonralar mərkəzi Lənkəranda yerləşən 60-cı diviziyanın yenicə təyin olunan komandiri general Muratov mənə ilk əmrini göstərərək bildirdi ki, şəhər yerlə yeksan olunmalı, bir fərd kimi mən həbs edilməməli, yerindəcə güllələnməliyəmmiş… Planlarını həyata keçirə bilmədilər, gecəylə şəhərdən intizamlı sürətdə çıxaraq, Hafthoni qəsəbəsində İsti Su sanatoriyasında yerləşərək, zərbəni öz üzərimizə cəlb etməyi bacardıq… İmkan vermək olmazdı ki, ümumxalq qəhramanlığı faciəvi susqunluq gətirən nəticə ilə sonlaşsın… 26 yanvar günün 2-ci yarısı meşəyə çəkilməyə başladıq və artıq içimizdən aldıqları məlumata uygun olaraq yaradılan pusquya düşərək, döyüşə başladıq. Əsl döyüşdə biz tərəfdən 2 nəfər: Fazil və Vaqif şəhid oldu, yaralananlar çox oldu, qeyri-bərabər döyüşdə əsir götürülənlər isə çox oldu. Əvvəldə bildirmişdim ki, cəmi bir avtomatımız var idi, o da məndə idi. Kiçik bir qrupla sursatın imkan verdiyi qədər döyüşə-döyüşə mühasirədən çıxaraq, axşamı meşədə keçirtdik. Bir neçə gündən sonra yenidən artıq Lənkəranda idik, əhali öz kütləvi qəhramanlığını davam etdirirdi, ümumşəhər mitinqi ilə ordunu məcburən şəhərdən kazarmalara çəkə bildik… Mən və daha bir neçə nəfər ümumittifaq axtarışına verildik. Həmin ərəfədə Bakıda, Tiflisdə, Truskaveskdə, Vilnus və digər şəhərlərdə oldum, hər yerdə müdafiə olunaraq, qorundum…Avqust ayında Bakıya qayıtdım, hərakat iştirakçılarının bir çoxu ilə görüşdüm, vaxtı ilə Neymət Pənahovun vasitəsi ilə tanış olduğum, Lənkəranın Gərmətuk kəndindən olan İsmayılla da görüşdüm, növbəti görüşümüzün AXC-nin qərargahında, sentyabr ayının 9-da olacağına qərar verdik, ora gəldim və içəridə İsmayıla yanaşan anda da həbs olunaraq Ramil Usubovun kabinetinə gətirildim…

(ardı var)

“Tolışon Sədo” N: 30(42)

07 sentyabr 2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma