“Müdafiə naziri Lənkəran özünümüdafiə batalyonunun yaradılması barədə əmr imzaladı və mən komandir təyin edildim”

Əlikram bəy, həbsdən çıxandan sonra hansı siyasi addımları atdınız?

Hələ həbs olunmamşdan qabaq, əsasən Bakıda olanda, hiss etdim ki, artıq AXC ümumxalq hərakatı kimi yaşaya bilmir, vahid mərkəz kimi görünən AXC-dən ayrılmalar başlayıb, ideoloji-siyasi baxışlarına görə artıq müxtəlif siyasi cərayanların formalaşmasına start verilib. Mən Şimali Azərbaycan Demokratik Partiyasına, Azərbaycan Milli İstiqlal Partiyasına, ASDP-yə dəvət təklifləri almışdım. Həbsdən azad olunandan sonra, hiss etdim ki, çox monolit görünən AXC-nin Lənkəran şöbəsinin İdarə Heyyətində artıq qruplaşmalar mövcuddur. 2 səbəb məni daha çox narahat edirdi, qruplaşmalar ancaq fərdlərə münasibətdə bir araya gəlmişdilər, ideoloji – fəaliyyət istiqamətləri deyil, yalnız fərdlərə münasibət və vəzifə karyerasına maraqların yaranması istiqamətində inkişaf edirdi. Daha bir səbəb, 26 yanvar ərəfəsində AXC-nin Lənkəran şöbəsinin bank hesabında olan maliyyə vəsaiti götürülərək şöbənin mühasibinə verilmişdi ki, mühasib həmən pulu gizlətməli, ağır günlər üçün saxlamalı idi və o, bu işi ciddiyyətlə edirdi. Lakin İdarə Heyyətinin bir neçə üzvü, cinayət aləminin hansısa avtoriteti vasitəsi (apardığımız araşdırmalar zamanı məlum oldu ki, həmən avtoritet artıq həyatda yoxdur) ilə mühasibin başına silah dayamaqla, həmən vəsaiti ondan almışdılar. Şöbənin III konfransında o vaxt üçün çox böyük miqdar olan həmən vəsaitlə yanaşı AXC-nin sədri Əbülfəz bəyin mənə verdiyi və Lənkərana göndərdiyim pulun hara xərclənməsi barədə hesabat məsələsi qaldırılsa da, hesabat verilmədi. Ən ağırı və mənə pis təsir edən cəhət, rəyasət kürsüsündə oturaraq konfransın sonunda yeni İdarə Heyyətinin seçilməsində edilən seçki saxtakarlıqlarını müşahidə etməyim oldu. Elə bil heç nə dəyişilməmişdi, demokratiyadan çox danışan bəylərimiz bolşevik-kommunist üsullarına daha çox meyilli görünürdülər… AXC nizamnaməsinin verdiyi imkanlardan istifadə etməklə, 1991-ci ilin iyul-avqust aylarında AXC-nin Lənkəran şöbəsinin İdarə Heyyətində fəaliyyətimi dayandırdım. Belə ki, Azərbaycan Sosial-Demokrat Partiyasına rəğbətim həm artmış, həm də formalaşmşdı, özü də keçmiş Sov.İKP üzvü kimi, sosial-demokratiya ideyalrı mənə daha yaxın olduğundan, bu partiyanı seçdim və sıralarına qoşuldum, partiyanin MK büro üzvü və sədr müavinlərindən biri seçildim, Lənkəran rayon təşkilatının yaradılmasında fəal iştirak etməyə başladım.

 

(ƏVVƏLİ BURADA: Azərbaycanın müstəqillik hərəkatı: Hərbi texnikanın qarşısına yanacaq axıdıb yandırmaq istəyirdik )

 

Əlikram bəy artıq bu barədə söz açmısız, həmən pulu mühasibdən kimlər almışdılar?

 

O vaxtki mühasibimiz, İnşallah ki, sağ olar, ondan hər şeyi öyrənmək, həm mənim üçün, həm də o dövrlə maraqlananlar üçün maraqlı olardı. Çünki, nə o vaxt, nə də ondan sonrakı dövrlərdə mən, adları mühasib tərəfindən çəkilən insanların heç biri ilə bu barədə söhbət edib, etdikləri əməl barədə hesab istəmədim. Məni incidən və düşündürən ancaq o oldu ki, müstəqil, demokratik, hüquqi dövlətə malik Azərbaycan qurmaq istəyənlər təşkilatın qorunub, etibarlı şəkildə saxlanılan vəsaitini hansısa əli tapançalı avtoritetin əli ilə, zorla soyur və çox, lap çox qısa bir zamanda həmən vəsait əvəzi yaradılmadan, səmərəli xərclənmədən naməlum şəkildə göyə sovrulur…

 

Necə oldu ki, Lənkəranda yerləşən hərbi hissənin avadanlığının Azərbaycandan çıxarılmasının qarşısını aldız?

18 avqust 1991-ci il tarixdə, səhərin sübh çağı, kirayə qaldığımız evin qapısının möhkəm döyülməsindən ayıldıq, evin xanımını qonşumuz Tamara həyacanla çağırırdı. Onun ilk sözü bu oldu ki, mən təcili evdən getməli, gizlənməliyəm və məsləhət gördü ki, televizoru açaq. Soruşdum ki, nə olub, nə baş verib? Dedi ki, Moskvada çevriliş olub, hakimiyyətə hərbiçilər gəlib, İlk sualim bu oldu: Yeltsin həbs olunub? Bildirdi ki, deyəsən yox, dəqiq bilmirəm. Televizoru açdiq. QKÇP-nin (o vaxt yaradılmış Fövqaladə Hallar Üzrə Dövlət Komitəsi nəzərdə tutulur. red) müraciəti oxunurdu və bir qədər sonra öyrəndik ki, Yeltsin həbs edlməyib və hesab etmək olardı ki, xalqın inandığı və qoruduğu lider meydandadırsa, heç bir avantura baş tutmayacaqdır. 19 avqustda səhər tezdən Bakıya getdim, ASDP-nin büro iclasında iştirak etdim, Moskvada baş verənlərlə əlaqədar bəyanat hazırladıq və təsdiq etdik, AXC-nin qərargahında olduq, bütün demokratik qüvvələrin birliyi təklifini verdik, soyuq qarşılandıq və hamılıqla özlüyümüzdə bir daha təsdiq etdik ki, Cəbhə rəhbərliyində demokratik, müstəqil Azərbaycan uğrunda deyil, hansısa qüvvənin reabilitasiyasi naminə daha güclü məqsəd var… QKÇP-nin süqutundan sonra artıq hamıya bəlli idi ki, SSRİ-ni olduğu kimi qoruyub saxlamaq heç bir qüvvənin imkanı daxilində deyil. SSRİ Silahli Quvvələrinin Azərbaycanda yerləşən hərbi hissələrində, o cümlədən Talış-Muğan mahalındakı hərbi hissələrdə hərbi texnikanın, əmlak və sursatın məhv edilməsi, daşınıb aparılması müşahidə edilirdi. Narahatçılığımızı dəfələrlə müxtəlif qurumlara, o cümlədən Ali Sovetin deputatlarına fakt və foto şəkillərlə çatdırmışdıq. Avqust ayının sonlarında Ali Sovetin sesiyasında həm müstəqillik barədə bəyannamə, həm də hərbi hissələrdə o məqsədlə nəzarət-təftiş keçirilməsi barədə qərar verildi. Lənkəranda bizim müşahidəmizdən o məlum oldu ki, bunu edəcək dövlət qurumlarının məmurları sovet hərbiçiləri ilə sadəcə “xala, xətrin qalmasın”, könüllərə dəyməmək prinsipi ilə davranır, onların verdikləri məlumatlarla kifayətlənirlər. Elan edilməmiş müharibəni yaşayan müstəqil Azərbaycan üçün bu formada yanaşma gələcəkdə ağır fəsadlar verə biləcəyini elə bil ki, dərk etmək istəyən yox idi. Nə isə, daha ciddi bir yol və qayda tapmaq lazım olduğunu bilirdik, amma kiminlə və necə…

 

(BUNU DA OXU: “Qarbaçov əmr vemişdi ki, Lənkəranı yer üzündən silin” )

 

Ali Sovet 9 oktyabr 1991-ci il tarixində Azəbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə Qanun qəbul etdi. Lənkəranın müxtəlif ranqlı və vəzifəli insanları ilə görüşdük, müzakirələr apardıq, vətənin ərazi bütövlüyü naminə səviyyəli ordu quruculuğunun aparılması üçün, SSRİ-dən qalma 60-ci diviziyanın hərbi və texniki bazasının qorunmasının vacibliyinə inandırmaqla, üzərində məxsusi nəzarəti qura biləcək bir qüvvənin yaradılmasına ehtiyacın olmasını bildirdik. Həmin dövrdə 60-cı diviziyada və Lənkəran sərhəd dəstəsində xidmət edən peşəkar zabitlərlə də ayrı-ayrılıqda fərdi söhbətlər etdik, Milli Ordunun ilk hissələrindən ola biləcək hərbi bölmənin quruculuğuna rəhbərlik etmələrini üzərlərinə götürməyi xahiş etdik və çox təəssüflər, müəyyən müddətdən sonra onların əksəriyyətini artıq fəaliyyətini qurmağa başlayan Müdafiə Nazirliyində yüksək vəzifələrdə görsək də, o vaxt inamsızlıq və sərt etiraz eşitdik. Bizə bu işdə mənəvi və hər tərəfli əməli köməyi ancaq, rəhmətlik Şamməd Əsgərov və Əmrəli (çox təəsüf ki, soyadı yadımda deyil, qəssabxana müdiri idi) etdilər. Başladığımız işi yarımçıq qoya bilmədik və 11 oktyabr 1991-ci il tarixində bizə edilən ilk yardım və özümüzün əlimizdə olan maddi imkanlar hesabına, hərbi hissələrdə çalışan həmyerli gizirlərin (proporşiklərdən) birindən 20 ədəd “əfqanka” deyilən hərbi geyimi pulla aldıq. Yaradacağımız hərbi hissəyə komandir tapa bilməyəcəyimizi özümüz üçün yəqinləşdirdiyimizdən, könüllü olaraq həmin hərbi geyimlərdən birini 13 oktyabrda mən geyinərək, məsuliyyəti üzərimə götürməyə qərar verdim. O vaxtlar ODAYC-in (DOSSAF-ın. red) sürücülük məktəbinin yataqxanası istifadəsiz qaldığından, ilk 20 nəfərlə qərargahımızı orada qurmağa qərar verdik, özümüzə kazarma şəraitində fəaliyyət seçdik və 26 yanvardan əlimizdə qalan silahlarla, əvvəl Lənkəran şəhərinin giriş-çıxışlarında, sonra isə tədricən bütün mahalın hərbi hissələr olan yaşayiş məntəqələrində nəzarət postları qurduq və çətinliklə də olsa, artıq ilin sonunda 60-cı diviziyanın komandanlığının belə hesablaşdığı nəzarət mexanizmini qura bildik, sovetdən qalma bir çox hərbi hissə ərazilərində Azərbaycanın üç rəngli bayrağını qaldırmağa nail olduq. 2 yanvar 1992-ci il tarixdə könüllülərdən ibarət, kifayət qədər intizama malik dəstəmizin bazasında Respublika Müdafiə naziri Lənkəran özünümüdafiə batalyonunun yaradılması barədə əmr imzaladı və mən komandir təyin edildim. O günlərdə Lənkəran rayon hərbi komissarı olan Eldar Əliyevlə görüşdüm və könüllülər toplamaq məqsədi ilə hərbi səfərbərlik elan edilməklə, ayrı-ayrı hərbi mütəxəssislərə çağırış vərəqəsi göndərilməsinə razılaşdıq. Çağırış vərəqəsi ilə gələnləri bir yerdə qəbul etməklə, vətənimizin üzləşdiyi vəziyyəti onlara izah edir, yoxdan ordu yaratmağın vacibliyini və müasir texnikanı bilənlərin qıtlığını onlara izah etdiyimiz ərəfədə, AXC-nin Lənkəran şöbəsinin fəalları komissarlıq qarşısında, öndə rəhbərləri olmaqla, ETİRAZ aksiyası keçirir və orduya yazılmağa gələnləri müxtəlif üsullarla oradan uzaqlaşdırırdılar…. Bütün bu və buna oxşar çox saylı maneələrə baxmayaraq, mahalın hər yerindən könüllülər gəlir, müqavilə əsasında batalyonun tərkibinə qoşulurdular. O vaxt Masallı rayon Hərbi Komissarlığı şəxsi heyyətin formalaşmasında bizə daha çox köməklik etdi. Təlimləri qurmaq naminə 60-ci diviziyanın mütəxəssis potensialından istifadəyə ehtiyac var idi, demək olar ki, özümüzün imkanları yox dərəcəsində idi və bu cür ağır durumda olmağımıza baxmayaraq, biz bu məsələnin həlli yolunu tapdıq, muzdları ödənilməklə, Astara hərbi poliqonlarından tutmuş, o vaxtkı Prişib poliqonlarına qədər hər yerdə çadırlar quraraq, əsgərləri yerləşdirdik və rus zabitləri onları müxtəlif hərbi peşələrə hazırlamağa başladılar… İlk bölüyümüzü Qarabağa, Şuşaya, aldığımız əmrə müvafiq, səhv etmirəmsə, 22 yanvar 1992-ci il tarixində yola saldıq…

(davamı var)

“Tolışon Sədo” N:32(44)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma