Ermənilər bizi başa düşməsinlər deyə rabitəni talış dilində qurduq

Əlikram bəy, sizin dediyinizdən belə görünür ki, Sovet ordusu “xoş gəlmisiz” deyib, hərbi hissələri qoyub, gediblər. Ancaq həmən dovrün şahidləri başqa şeylər deyirlər, hətta iddia edirlər ki, bəzi hərbi hissələri lap hücumla almışıq, bu barədə xahiş edirik bir az ətraflı danışaydız…

 

 

ƏVVƏLİ BURADA: “Müdafiə naziri Lənkəran özünümüdafiə batalyonunun yaradılması barədə əmr imzaladı və mən komandir təyin edildim”

 

Sualı oxuyub fikrə getdim. Haqlı sualdır. Bu gün də rəsmi, hökümət səviyyəsində aparılan təbliğata uyaraq, onu kor-koranə qəbul edib, heç bir faktı axtarıb təhlil etməyi belə yaxın buraxmayan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti, özünü müxalifət-iqtidar nümayəndəsi sayan böyük vətənşüvənlər ordusu da belə düşünür, yeri gəldi-gəlmədi özünü çox bilmiş kimi göstərməyə cəhd edərək, bizləri haradasa Rusiyanın adamı kimi qələmə verməyə çalışır, mətbuatda da belə fikirləri yaymağa cəhd edirlər…. Uzun bir vaxtın keçməsinə baxmayaraq, yaddaşımda həkk olan bir çox hadisələri xatırladım. Hamı barışsa da, siyasətdən uzaq saxlanılan o dövürkü zabitlər heyyəti Sovet İmperiyasının dağılmasını anlaya bilmir və qəbul etmək istəmirdilər. İlk aylar, yaranan qarşıdurmalar, onların bizi qəbul etmək istəməmələri, yerli hakimiyyətdə təmsil olunanların bilavasitə təkidi ilə Sovet Ordusunun yüksək ranqlı zabitləri ilə görüşlərimizdə onların mövcud dövrdə statuslarının nə olduğunu anlatmağa çalışırdıq. Lakin vəziyyəti heç də hamı ya anlaya bilmir, ya da özlərinə yaxın belə buraxmaq istəmirdilər. İlk qarşıdurmalar bu səbəbdən yaranırdı, heç vəclə tələb və nəzarətimizi qəbul etmək istəmirdilər. Müxtəlif vaxtlarda qurduğumuz postlara partlayıcı maddələr atır, əsgər və zabitlərimizi girov götürür, analoji addımlar atmağa bizi də məcbur edirdilər. O vaxtlar Prişib (Göytəpə qəsəbəsi red.) adlanan qəsəbədə, Astarada yerləşən ümumqoşun alaylarının, Port-İliçdəki (indiki Liman şəhəri. red) artilleriya alayının zabit heyyəti bizə münasibətdə daha çox aqressivlik göstərirdilər. Girov götürdükləri əsgər və zabitlərimizə ağır işgəncələr verməklərinə baxmayaraq, biz onlara ədəbli münasibətlərimizlə təsir edir, hər vasitə ilə qanla müşahidə oluna biləcək inisidentlərdən yayınmağa cəhdlər edir və buna nail də ola bilirdik. Xidmətdən yayınmaq istəyən sıravi əsgərləri böyük hörmət və maddi yardım etməklə vətənlərinə yola salırdıq… Qızılağac hərbi aeroportunu gece götürdük. Əməliyatı planlı şəkildə qurmaqla, çox sonralar müstəqil Azərbaycanın həbsxanasında şəhid olan, Qarabağ döyüşlərində əlil olmuş, rəhmətlik mayor Naib Əliyevin rəhbərlik etdiyi bölük uğurla həyata keçirdi. Rus ordusunun hava əlaqəsini də nəzarətə götürdüyümüzdən, orada olan vertalyotların akkumlyatorlarını götürməklə onların uça bilmə imkanlarını yoxa endirdik, dviziyanın komandanlığı tədricən də olsa, 1991-in sonunda artıq bizimlə hesablaşmaq məcburiyyətində qaldı… Hazırda o dövrdə baş verən hadisələri, yaşadığımız silahlı qarşıdurmaları, gərginlikləri detalları ilə, qəhrəmanlıq nümunəsi olan igidlərimizin adları göstərilməklə qələmə almaq, danışmaq istəyənlər yəqin ki, olacaq, olmalıdır! Mənim üçün isə, bütün bunları yazmaq çox çətin və mümkünsüz görünür… Üzləşdiyimiz hücum və təzyiqlər təkcə Rus ordusu tərəfindən deyil, həm də o dövrlərdə ictimai-siyasi həyatda mühüm mövqe və güc sayılan AXC-nin Lənkəran şöbəsinin primitiv düşüncəyə malik vətənşüvənlərinin törətdiyi təxribat xarakterli hərəkətlərlə olurdu. Artıq Azərbaycan Ordusunun olacağının qəbul edildiyi bir dövrdə Rus zabitləri ilə müxtəlif formalarda çirkin əlaqəyə girib, onların qurduğu plana uyğun silah-sursatın Sütəmırdov rabitə və kəşfiyat batalyonundan oğurlanması, yüksək məbləğdə toplanmış xalq pulunu mənimsəməklə, kiçik qismini Prishib alayının komanda heyyətinə verib, tamamilə sıradan çıxmış hərbi texnikanı guya onlardan satın alıb, döyüş bölgəsinə göndərməsi, Naxçıvan MR gedib qayıdandan sonra oradan gətirdikləri silahlarla qərargahımıza silahlı hücum etmələri, Lənkəran sərhəd dəstəsinin vertalyot və zirehli texnika ilə üzərimizə basqını ərəfəsində, lənkəranlıların elliklə bizim müdafiəmizə qalxdığı ərəfədə AXC rəhbər və fəallarının səsgücləndirici vasitəsi ilə xalqın bizə olan dəstəyini məhrum etmə cəhdləri və sairənin nəticəsi o oldu ki, 25 yanvar 1992-ci il tarixində ilk ürək infarktı keçirəsi oldum….

 

Əlikram bəy, hamıya məlumdur ki, Lənkəran batalyonu Qarabağ döyüşlərində igidliklər göstərib, hətta Qarabağın Həcəri – Səbirə Mahmudova öz yazılarında, xatirələrində Lənkəran batalyonunun igidlikləri barədə bir sıra məlumatlar da verib, Lənkəran batalyonunun döyüş yolu barədə Oxucularımıza ətraflı məlumat verə bilərsizmi? Ətraflı məlumatı söz verə bilmərəm, onda bu çox uzun bir dastan olar, inanıram ki, bunu ətraflı qələmə almağı bacaran döyüşçülərimiz vaxt gələcək sənədlərə istinadən həmin döyüş yolunu xalqa çatdıra bilən yazılı əsəri təqdim edəcəklər. İndiki hakimiyyətin təqibləri ilə üzləşməkdən ehtiyat edənlərin, vaxt gələcək bu işi görməyin vacibliyini hər nədən ustun tutacaqlarına inanıram. Hələ 1993-cü ildə, mənim AR Müdafiə Nazirliyindən istefamdan sonra yanıma bir qrup gənc əsgər gəlmişdi və Briqadanın yaranışı və döyüş yolu barədə tarixi-xronoloji əsər yazdıqlarını bildirdilər və bir çox materialları da məndən götürdülər…. 1992-ci ilin mayına qədər 20 saylı Lənkəran özünümüdafiə batalyonu, may ayında artıq rəsmi olaraq 820 saylı alaya çevrilmişdi, həmin ilin sentyabrında Briqada oldu…. Qarabağ müharibəsində iştirakımız isə, hesab etmək olar ki, 1989-cu ilin 2-ci yarısından, Xocavənd rayonunun Muğanlı kəndinin Lənkəran rayonunun 83-cü kəndi elan ediləndən sonra, mütamadi olaraq kənd-müdafiə postlarında həmin kəndin fəalları ilə birlikdə qurulmuş post-səngərlərdə düşmənlə üz-bə-üz durub atışmalarımızla başlanmışdı. Həmin səngər-postlarda gecə-gündüz növbə çəkən igidlərimizin böyük əksəriyyəti, AR-nın ilk hərbi hissələrindən biri olan batalyonumuzun ilk könüllü əsgərləri oldular…. Yuxarıda qeyd etmişdim, rəsmi döyüş hissəsi kimi, 1992-nin yanvarın 22-də Müdafiə Nazirliyinin əmri ilə Şuşanın müdafiəsinə ilk bölüyümüzü (rotanı) yola saldıq. Daimi olaraq, gündəlik oradan məlumat alırdıq, vəziyyət heç də yaxşı deyildi, bölüyün rəhbərliyi orada anarxik bir vəziyyətin olmasını, yad münasibətin təzahürləri ilə üzləşdikləri barədə bizə məlumat verir və müdafiə mövqelərində intizamsızlığın, özbaşınalığın, vahid komandanlığın olmamasından şikayətlənirdilər… Hələ Şuşaya çatmamış, Qubadlıda könüllü olaraq Qarabağa döyüşməyə getmək üçün bölüyə qoşulan bir neçə AXC-nin Lənkəran şöbəsinin üzvlərinin onlara verilmiş tabel silahlarını da götürərək qaçması (fərarilik etmələri) da şəxsi heyyətdə ciddi narahatçılıq yaratmışdı. Hansısa səbəbdən, bölüyün komandirindən təkidlə tələb edilirdi ki, bölük Şuşanı təcili tərk etsin. Mənə xəstəxanada, qərargah rəisi, rəhmətlik Şəmsəddin Teymurov, həyacanlanmayım deyə, çox ehtiyatla bu məlumatları verir, hər vəchlə oradakı vəziyyətdən çıxış yolunu özü tapmağa çalışırdı…. Həmin ərəfədə Lənkərana Müdafiə Nazirliyindən həmyerlimiz olan, çox sonralar Azərbaycan Ordusunun genralı və briqada komandiri olacaq, Gədəbəydə avtoqəzada həlak olan, polkovnik rütbəli, təəssüflər olsun adını unutduğum nümayəndə ezam olundu. (çox təəsüf ki, həmin şəxsin kimliyini araşdıra bilmədik red.) Onunla evdə (o dövr həkimlər mənə hərəkət etməyi qadağan etdiyindən) söhbətdən anladım ki, yaranış dövrünü yaşayan Müdafiə Nazirliyi hər tərəfli ağır vəziyyətlə üz-üzədir, döyüş sursatına, texnikaya böyük ehtiyac var və bizim kömək etməyimizə böyük ehtiyacları var. Hələ təhvil almamağımıza baxmayaraq, Lənkəranın Qrumba kəndində yerləşən hərbi sursat anbarlarından ehtiyacın çox olduğu sursatın Qarabağa daşınmasına qərar verdik və bir neçə dəmir yol eşalonu yükləyərək yola saldıq. Həmin ərəfədə sursat anbarlarının yandırılmasına cəhd edildi, amma vaxtında xəbər tutub söndürməklə, böyük bir dağıntı törədə biləcək partlayışa imkan vermədik…. Şuşada olan bölük, oradakı sahibsizlik, dağınıqlıq, intisamsızlıq və Qarabağdan cıxıb getmələri barədə gündəlik təhqiramiz formada edilən çağırışlara, tələblərə rəğmən geri qayıtmaq məcburiyyətində qaldığını görərək, Müdafiə Nazirliyi ilə əlaqə yaradandan sonra, həmən bölük geri çağırıldı… və əsas diqqəti daxili intizamı gücləndirməklə, yeni daxil olan canlı qüvvənin hazırlıq təlimlərinə yönəltdik. Səhv etmirəmsə, mart ayında, nazir T. Əliyevin yeni əmri oldu və əsasən könüllülərdən və hazırlıqlı döyöşçülərdən ibarət bölüyü Ağdama yola saldıq, bölüyə dağılmaqda olan Üçtəpə hərbi hissəsinin mühafizəsi həvalə edildi. Mühafizə isə… ağır da olsa, silah, hərbi avadanlıq, sursat və texnika alverçiləri kimi varlanmaq hərisi olan yerli işbazlardan olmalı idi və hər gün postlarımızda duran əsgərlərə silahlı basqılar müşahidə olunduğundan, mütamadi olaraq yaranmış vəziyyətdən nazirliyə məlumatlar verirdik. Bütün bunları yaşayan əsgər və zabit heyyətində çox ciddi inamsızlıq, ruh düşgünlüyü yarandığından, bölüyün bilavasitə döyüş mövqelərinə göndərilməsini dəfələlərlə rica etmək məcburiyyətində qaldıq…. May ayında artıq Xocavənd rayonunun Kurapatkin kəndində yerləşməklə, 3 istiqamətdə müdafiə mövqelərində yerləşdik. Bütün deyilənləri bilavasitə görmək, hiss etmək üçün bölüyə bilavasitə özüm rəhbərlik etmək qərarına gəldim. Ən qəribəsi o oldu ki, yola düşmək ərəfəsində AXC-nin Lənkəran şöbəsinin İdarə Heyyətində olan keçmiş silahdaşlarımızdan bir neçəsi yanıma gələrək təkidlə mənim döyüş mövqelərinə getməməyimi xahiş edir, hansısa sui-qəsdin olacağına işarə vururdular. Bəlkə də haqlı idilər, çünki mənə qarşı olan 3 sui-qəsddən 2-si bilavasitə Qarabağda, döyüş meydanlarında olacaqdı.. Kurapatkində özümüzlə gətirdiyimiz çadırları qurub, yerləşdik, vəziyyəti öyrənməyə, rabitəni qurmağa başladıq, rabitə dalğaları demək olar ki, Rus ordusundan qalma olduğundan, erməni tərəfinin danışdıqlarımızı anlamasınlar deyə, rabitəni tamami ilə Talış dilində qurduq. Yerli qüvvələri öyrənməyə başladıq və Martuni rayon mərkəzini hücum edərək götürmək barədə hazırlıq işlərinə başladıq. Məlum oldu ki, Muğanlı kəndinin sakinlərindən formalaşan, bir-birinə az qala düşmən olan, kağız üzərində 2 batalyon var, Əmralılarda Ağcabədililərdən və kəndin sakinlərindən toplanmış, kağız üzərindəki siyahıya görə 300 nəfərlik və bizimlə qonşuluqda, toy çadırında yığılmış Beyləqan batalyonu kimi tanınan, dağınıq, intizama yatmayan, leksikonları küçə söyüşləri ilə zəngin bir yığın silahlı adamın olduğunu müşahidə etdik. Ümumilikdə 125 döyüşçüsü olan bizim bölüyün yarısı qədər faktiki sadaladığım hərbi dəstələrdə döyüşçünün olmaması bizə aydın olanda təəccübləndik və təəssüflə Azərbaycanın nə qədər ağır vəziyyətdə oluğunu əyaniliklə yəqin etdik. Bu qüvvələrlə yanaşı döyüşmək bizim üçün böyük bir intihar olardı. 15 mayda, rabitəmiz məlumat verdi ki, Bakıda hansısa formada hakimiyyət dəyişikliyi olub, Lənkəranda İcra hakimiyyətinin binasına silahla hücum olub və başçı dəyişdirilib. Hamımız hiddətlə düşündük ki, “Vətən, Qarabağ” hayqıran insanlar, bu ağır dərdimizdən ancaq vasitə kimi, öz şəxsi ambisiya və məqsədləri naminə isifadə edir, gənclərimizin qeyrət nümunəsi olan vətəndaşlarımızın taleyi ilə manevrlər edirlər. Dərin düşüncələr içərisində olanları özümüz üçün rəhmətlik Fəxrəddin Həbibovla müzakirə etdiyimiz vaxt, Beyləqan batalyonunun kəşfiyat tağımının komandiri, Allah onu rəhmət etsin, yaşlı döyüşçü bizə yaxınlaşaraq bildirdi ki, postlarda qalmaq çətin deyil, amma siz bu qüvvələrlə heç bir əməliyyat keçirmək imkanında deyilsiniz, demək olar ki, heç o qüvvə də yoxdur. Bakı ilə əlaqə qura bilmədik, orada aləm dəymişdi bir-birinə… Lənkərana qayıtdıq, Beyləqanda ciddi narahatçılıq var idi ki, biz Bakəya gedə bilər, siyasi prossslərə təsir edə bilərik və s. Yüksək intizam nümunəsi göstərməklə geri qayıtdıq, hamıya bir daha sübut etdik ki, biz vətən naminə döyüşmək qərarındayıq, heç bir hakimiyyət dəyişikliyinə cəlb olunmaq fikrimiz yoxdur, amma bu formada da prosseslərin davam etməsi anormallıq olduğunu İsa Qəmbərlə telefon danışığımda ona bildirməyi özümə borc bildim…. Mayın sonu iyunun əvvəllərində Fizulidə artıq 1 batolyonumuzla döyüşlərdə, ümumazərbaycan miqyasında formalaşdırılan briqadanın tərkibində iştirak etdik və xeyli şəhidlər verdik. Həmin döyüşdə hərbi təlim görmüş hissə olaraq, nəyə qadir ola biləcəyimizi hamı bildi və bunu qiymətləndirmək zorunda qaldı….

“Tolışon Sədo” N:-33(45)

05 oktyabr 2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma