S. Vurğun Mircəfər Bağırovdan repressiya qurbanı Talış yazıçı Zülfüqar Əhmədzadənin sürgündən geri qaytarılmasını xahiş edib

Son zamanlar Azərbaycanın görkəmli şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956) Səməd Vurğun polemikası ilə bağlı bir çox elm adamları, peşə sahibləri, siyasətçilər öz fikir və rəylərini bildirirlər. Tolpress.az saytı fizika-riyaziyyat elmləri namizədi, “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun S.Vurğunun Talış xalqının dəyanətli oğlu, ölməz şairi, publisisti, tərcüməçisi və ictimai-siyasi xadimi, Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olan Zülfüqar Əhməzadə ilə dostluq münasibətləri və digər mövzular haqqında fikirlərini oxuculara təqdim edir: “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, maarifpərvər pedaqoqu və yazarı, publisist və tərçüməçisi, Talış milli ədəbiyyatının banisi,1937-38-ci repressiya illərinin qurbanı Zülfüqar Əhməd oğlu Əhmədzadənin (Pensəj) (1898-1942) Sibir sürgünlüyündən sevimli dostu Səməd Vurğuna göndərdiyi poemanı bu gün də həyacansız oxumaq olmur… Bu poemanı ürək ağrısıyla oxumuş dahi Şairimiz elə öz həyatını da risqə qoyaraq (və bu gün də heç kimin cürət etmədiyi) bir addıma əl atır: Mircəfər Bağırovun qəbuluna düşüb (onun diliylə desək)“Talış xalqının yeganə şair oğlunun” Bakıya- Vətəninə qaytarılmasında yardımçı olmasını xahiş edir… Bağırovun kobud cavabından xeyli məyuslanan S.Vurğun MK-nın binası qarşısında onu gözləyən Z.Əhmədzadənin həyat yoldaşına göz yaşları içərisində, “xahişimi qəbul etmədi…” sözlərini çatdırır…

 
S.Vurğunun 1937-ci ildə qələmə aldığı və 1938-də səhnələşdirilmiş ilk “VAQİF” dramında dostunun Zülfüqar obrazıyla əbədiləşdirilməsinə dair fikirlər də mövcuddur… Bu əsərdə əslində Qacar timsalında diktatorluğa nifrətin və Vaqif-Vidadi timsalında Haqq-Ədalət və Azadlıqsevəryinin vəsfi heç də təsadüfi olmayıb, əslində zəmanəsinin faciəsinin üstüörtülü tənqidi idi… Yeri gəlmişkən, bir vaxtlar (1972-73-ci illərdə) 70 saylı məktəbdə oxuyarkən, 7-8-ci sinif şagirdlərinin iştirakıyla səhnələşdirdiyimiz “Vaqif” dramında bu sətirlərin müəllifinin Vidadi obrazıyla göz yaşları içərisində təsvir etdiyi bir epizod tamaşaya dəvət edilmiş S.Vurğunun qardaşı rəhmətlik prof. Mehdixan Vəkilovu və qızı Aybəniz Vəkilovanı o qədər cəlb etmişdi ki, hətta barəmizdə bir məqalə də yazmışdılar… Dövrünün o bəzi (başqa xalqlara rişxəndlə baxan) millətçilərindən fərqli olaraq, S.Vurğun nəinki cəmi Azərbaycan və digər SSRİ xalqlarının, o cümlədən Talışların da sevimli dostu olmuş və şeirlərində də bu dostluğu az vəsf etməmişdir… Vacib bir qeyd də yerinə düşür ki, o dəhşətli repressiya və müharibə illərində Əhmədzadələr ailəsinə (nəinki o vaxtlar,bu gün də nadir xeyirxah hallardan sayılan) mənəvi və maddi yardımçılardan biri də məhz S.Vurğun olmuşdur…

 
Aşağıda Z.Əhmədzadənin dostu S.Vurğuna Sibirdən (15.01.1940) ünvanladığı poemadan kiçik bir parçanı nəzərinizə çatdırırıq… Allah o vəfalı dost Şairlərimizi və Xalq sevimlilərini rəhmət,ruhlarını şad və dövrünün o dəhşətli ideoloji zəminindən irəli gəlmiş qüsurlarını əfv etsin…Amin!
Salamımı qəbul et, uzaq qarlı Sibirdən,
Hiddətli, bəd rəftarlı, sərt rüzgarlı Sibirdən.
Günahsız bir məhbusun bir ləhzə halına qal,
İstər Şair dililə sənə etsin ərzi-hal:
Ey şən Qazax elinin ənbər saçan bir gülü,
Azərbaycan xalqının xoş nəğməli bülbülü!
İki ildir məhrumam sənin xoş avazından,
Şeirlə yaratdığın gülşənindən,yazından…
İki ildir bu yerdə nə gül, nə yaz görürəm,
Nə bizim aşıqları,nə telli saz görürəm…
Eşitmirəm haçandır tarın şaqraq səsini,
Lətif qoşa zurnanın ilahi nəfəsini…
Burda çəməndə bitməz zanbaq,bənövşə,lalə,
Zümrüd yamacdan axmaz büllur kimi şəlalə…
Gördüyüm ancaq mənim vışkalardır,süngüdür,
Daşıdığım dərdi-qəm min karvanın yüküdür…
Tale məni tulladı bu buzlar ölkəsinə,
Haçandır hay verilməz günahsızlar səsinə…
İki ildir ədalət ötməz mənim yanımdan,
Hər şey qaçır kənara vulkanlı əfqanımdan…”
“Zülfüqar Əhmədzadənin bütün fəaliyyəti partiya qərarları ilə tam uyğun olub. Doğma dilində şeirlər, poemalar, talışdilli orta məktəblər üçün müxtəlif dərsliklər yazmasından ta müxtəlif rayonlarda və müxtəlif vəzifələrdə işləməsinə qədər. Yəni partiya nə deyibsə onu eləyib, hara göndəribsə, orda işləyib. 30-cu illərin sonlarında həmin partiyanın milli siyasəti 180 dərəcə çönəndə ilk zərbə təbii ki, R. Əhmədzadəyə dəydi. Onun S. Vurğuna kömək üçün müraciəti ikincinin o vaxtlar AYİ-nin sədri vəzifəsini tutması olmuşdur. Yəni indiki kimi yazıçılar naziri. Hilal müəllim, Siz respublikanın görkəmli və yeganə Əhmədzadəşünası kimi S.Vurğunun həmin məktubla əlaqədar Bağırovun qəbuluna düşməsi barədə arxiv sənədlərinə rast gəlmisinizmi?” deyə sual verən Camal Əliyev adlı oxucunun sualina cavab olaraq H. Məmmədov bildirmişdir ki, “Z.Əhmədzadənin qızı Mariyət xanımla “Tolışi Sədo” (29 iyun 1993-cü il., №23 (34)) qəzetindəki “Tarix hər kəsə öz qiymətini verəcəkdir” adlı müsahibədə bu barədə daha ətraflı məlumat verilir. Onunla, anası Hürü xanımla və oğlu Əyyub Əhmədzadə ilə müsahibəmizdə də bu fakt və S.Vurğunla bağlı digər məlumatlar əksini tapır. Bu canlı müsahibəmizdəki həqiqətlər rəsmi sənədlərdə əksini tapa bilməzdi.”

 
Tolpress.az saytı həminn müsahibədən qısa bir hissəni oxucularına təqdim edir: ”
-Azərbaycan xalqının sevimli şairi Səməd Vurğunla atanızın əlaqəsi barədə nə deyə bilərsiniz?
-S. Vuqğunla atamın yaxın əlaqəsi olub. Belə ki, atam 1940-cı ildə Sibirdən S. Vurğuna “Şairin andı” adlı məktub göndərmişdir. Şe’ri və ona göndərilən məktubu alan S. Vurğun anamla birlikdə Mircəfər Bağırovun yanına gedərək məktubu və şe’ri ona oxumuş, xahiş etmişdir ki, “Yoldaş Bağırov, Talış xalqının yeganə inqilabçı şair oğlu var, onun günahı yoxdur, mümkündürsə, onu Azərbaycana qaytar. Bağırov əsəbləşərək ona bildirmişdir ki, Səməd, başın xarab olub deyəsən, minlərlə Əhmədzadələr gedib, indi mən bu Əhmədzadəni axtaranammı?” Kor-peşiman otaqdan çıxan S. Vurğun aşağıda onu gözləyən anam Hürü xanıma “Xahişimi qəbul etmədi”-deyə göz yaşlarını silmişdir.
Söhbətə şairin həyat yoldaşı Hürü xanım da müdaxilə edir. O vaxtlar xalq düşməninin ailəsinə yaxın düşmək çətin idi. Buna baxmayaraq, Mehdi Huseyn bizim ailəyə yemək göndərirdi, oğlum Rüfətin şair kimi tanınmasında onun əməyi çox olub. S. Vurğun Rüfətə “gələcəyin Sabiri yetişir” deyirdi. Birdə ki, lənkəranlı Əhəd Məhərrəmovun ailəmizə böyük köməyi dəyib.” 

 

TOLPRESS.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma